Müayinəyə gələrkən ilk öncə şəxsiyyət vəsiqəniz və daha əvvəl mərkəzimizdə olmusunuzsa, fərdi kodunuz olan müayinə kartını qeydiyyat şöbəsindəki əməkdaşlarımıza təqdim edin. Yeni kart açıldıqdan və ya əvvəlki kart arxivdən çıxarıldıqdan sonra, istəklərinizə əsasən istiqamətləndiriləcəksiniz. Şəhid yaxınları, veteranlar və hamilə qadınların vəziyyətləri barəsində əməkdaşlarımıza öncədən məlumat vermələrini xahiş edirik.
Standart müayinə orta hesabla 80 dəqiqə, pasiyentin problemlərindən asılı olaraq bəzən 130 dəqiqə davam edə bilir. Randevu alaraq ilk dəfə gələn pasiyentlərin gün ərzində digər işlərində problem yaranmaması üçün müayinədə keçirəcəyi vaxtı 2 saat olaraq planlamalarını tövsiyə edirik. Müayinə vaxtı əməkdaşkarımıza nə qədər çox, dəqiq və dolğun məlumat versəniz, müayinəniz o qədər hədəfyönlü, vaxt itirmədən və narahatlıqlarınız istiqamətində daha dərinləşmiş olacaq. Bəzən pasiyentlər soruşacaqları mövzuları unudurlar, buna görə də suallarınızı əvvəlcədən bir yerə qeyd etməyinizi tövsiyə edirik.
Pasiyentlərimizin bir qismi xoşlamasalar da, göz bəbəklərinin böyüdülməsi müayinənin əsas komponentlərindən olduğundan, bu müayinəni etmək məcburiyyətindəyik. Bəbəklər böyüdüldükdən sonra həm yaxından, həm də uzaqdan görmə pozulur, işıqda qamaşma çox olur. Bəbəyin təkrar öz axarı ilə düzəlməsi orta hesabla 4-6 saat davam edir. Pasiyentlər istədikləri təqdirdə bu müddəti dərman tökərək 1.5 saata qədər qısalda bilirik.
Müayinəyə gələrkən kontakt linzaların taxılması tövsiyə olunmur, lakin daha dəqiq müayinə üçün özünüzlə gətirməyiniz məsləhətdir. Gözdaxili təzyiqin azaldılması üçün damcı istifadə edən pasiyentlər dərmanlarını eyni qaydada istifadə edə bilərlər.