Hansı müayinələrdən keçməliyəm

Mərkəzimizə həkim müayinəsinə gəlmədən öncə randevu almağınızı tövsiyə edirik. Təcili və gecikməsi təhlükəli olan hallar üçün Canlı Növbə sıramız olsa da, müayinə vaxtı öncəliyi əvvəlcədən randevu alan pasiyentlərə, daha sonra son iki həftədə əməliyyat olmuşlara veririk. Bu iki qrup pasiyentlərin müayinəsi arasında vaxt olarsa Canlı Növbədən sıra ilə pasiyentlər qəbul olunur. Belə hallarda gələn pasiyent sayından asılı olaraq bəzən müayinə üçün saatlarla gözləmək lazım olur. Məhz gözləmə məsələsi olmasın deyə öncədən randevu almağınızı xahiş edirik. Randevu gözləmə vaxtı yenə də standart olmayıb, 15 gün ilə 3 ay arası çəkə bilir. Kontrollara gələcək olan xəstələrdən müayinəyə gəlməmişdən təxminən 2 ay öncə zəng vurub randevu almalarını və ya klinikadan çıxmadan növbəti müayinə tarixini qeydiyyatdakı əməkdaşlar ilə təyin etmələrini məsləhət görürük. Randevu almaq üçün sosial mediadakı və ya web saytımızdakı əlaqə nömrələrinə zəng etməyiniz yetərlidir. Əvvəlcədən randevu alan pasiyentlərimizə randevu günündən 1-2 gün əvvəl müayinə vaxtı əməkdaşlarımız tərəfindən zəng edilərək xatırladılır. Bu səbəbdən qəbula yazılarkən verəcəyiniz telefon nömrəsinin həmişə açıq və çalışır vəziyyətdə olduğundan əmin olun.

Müayinə tarixi gəldiyində müayinə saatından öncə mərkəzimizdə olmağa çalışın. Pik saatlarda yubana biləcəyinizi nəzərə alaraq olduğunuz yerdən erkən çıxmağa çalışın. Günorta saatlarında klinikanın ətrafında parkinq üçün yer tapmaq müşkül olduğundan ictimai nəqliyyat və ya taksi xidmətindən istifadə etməyinizi tövsiyə edirik. Müayinə ediləcək şəxsin özü həm də avtomobilini idarə etməyi planlaşdırırsa, müayinə vaxtı bəbək genişləndiriləcəyi üçün avtomobil idarə etməyi çətin olacaq. Ona görə də belə şəxslərin ya avtomobilsiz gəlmələrini, ya da başqa bir sürücü tapmalarını (ayıq sürücü xidəti kimi) tövsiyə edirik. Klinikamızın yanında klinikaya məxsus parkinq yeri olmasına baxmayaraq adətən saat 10:00-15:00 arası dolu olur. Belə hallarda yaxınlıqda olan İmperial Şadlıq Evinin arxa həyətindəki geniş parkinqdən də istifadə edə bilərsiniz. Müayinəyə gələrkən özünüzlə şəxsiyyət vəsiqənizi, daha öncə mərkəzimizdə müayinədə olmusunuzsa sizə verilən üzərinə kod yazılan müayinə kartını, istifadə etdiyiniz dərmanlar varsa onları və ya reseptlərini, əlinizdə daha öncəki müayinələrə aid hər hansı sənədlər varsa onları, istifadə etdiyiniz eynəklər və ya kontakt linzalar varsa onları, müayinə vaxtı bəbəyiniz genəldiləcəyinə görə çöldə nisbətən rahat görmə üçün günəş eynəyinizi gətirməyinizi tövsiyə edirik. Kirpik dibi və gözətrafı kosmetikadan istifadə edən pasiyentlərimizdən xahiş edirik ki, müayinəyə gələrkən belə kosmetik vasitələrdən istifadə etməsinlər.

Müayinəyə gələndə ilk öncə Qeydiyyat stoluna yaxınlaşın. Qeydiyyatdakı əməkdaşlarımız sizin istəklərinizi öyrənib sizin üçün ən uyğun istiqaməti bildirəcəklər.

Şəxsiyyət vəsiqəsi və daha əvvəl mərkəzimizdə müayinədə olmusunuzsa fərdi kodunuz olan müayinə kartınızı Qeydiyyatdakı əməkdaşlarımıza təqdim edəcəksiniz. Yeni kart açıldıqdan sonra və ya əvvəlki kartınız arxivdən çıxarıldıqdan sonra müayinəniz başlayacaqdır. Siz gözləmə salonunda uyğun yerdə əyləşib sizi adınızla çağrılmağınızı gözləyəcəksiniz. Ümumiyyətlə standart müayinə orta hesabla 80 dəqiqə çəkir. Bəzən pasiyentin problemlərindən asılı olaraq bu müddət 30 dəqiqə artıb-azala bilir. İlk dəfə müayinəyə gələn Randevulu pasiyentlərin gün ərzində digər işlərində problem çıxmaması üçün müayinədə keçirəcəyi vaxtı iki saat olaraq planlamalarını tövsiyyə edərdik. Müayinə vaxtı əməkdaşkarımıza nə qədər çox, dəqiq və dolğun məlumat versəniz müayinəniz o qədər hədəfyönlü, vaxt itirmədən və sizin narahatçılığınız istiqamətində daha dərinləşmiş olacaq. Bəzən pasiyentlər soruşacaqları mövzuları unudurlar, belə olmasın deyə suallarınızı əvvəlcədən bir yerə qeyd etməyinizi tövsiyə edirik.
Pasiyentlərimizin bir qismi xoşlamasa da göz bəbəklərinin böyüdülməsi müayinənin əsas komponentlərindən olduğu üçün bu müayinəni etmək məcburuyyətindəyik. Bəbəklər böyüdüldükdən sonra həm yaxından həm də uzaqdan görmə pozulur, işıqda çox qamaşma olur. Bəbəyin təkrar öz axarı ilə düzəlməsi orta hesabla 4-6 saat çəkir. Vacib işləri olan pasiyentlər istədikləri təqdirdə bəbəyi daraltmaq üçün dərman tökə bilirik. Bu dərmanlar bəbəyin yığılma vaxtını 1.5 saata salır. Bu məlumat iki hal üçün vacibdir: ən erkən yaxın işinə nə vaxt başlaya biləcəyinizi planlamaq və müayinədən sonra mərkəzimizdən ayrılarkən günəş eynəyinə ehtiyacınızın olacağını bilərək hazırlıqlı gəlmək.
Kontakt linzadan istifadə edən pasiyentlər müayinəyə gələrkən linzalarını geyinməsinlər, amma özləri ilə gətirsinlər. Gözdaxili təzyiqin azaldılması üçün damcı istifadə edən pasiyentlər dərmanlarını həmişəki qaydada istifadə edərək gəlsinlər.
Şəhid yaxınları, veteranlar və hamilələr vəziyyətləri barəsində Qeydiyyatdakı əməkdaşlarımıza məlumat vermələrini rica edirik.

Məlumatlar